Mexaniki su filterləri

Bütün mexaniki su filterləri əsasən daxilində filterləyici element olan korpusdan ibarətdir. Elementin növündən asılı olaraq suyun kobud və ya incə təmizlənməsi baş verir. Soyuq su üçün korpus çox vaxt qeyri-şəffaf plastikdən hazırlanır, lakin şəffaf korpuslar da vardır. Onlar vizual olaraq filter resursuna nəzarəti mümkün edir.

Kartricli mexaniki su filterləri

Kartricli mexaniki su filterləri suyun incə təmizlənməsi üçündür. Filterləyici element kartricdir. Quraşdırılmış kartricdən asılı olaraq 1-dən 50 mkm-dək qatqılar ləngidilir. Əvəzedici elementlər çox vaxt polipropilendən hazırlanır. Modul üçün material poliester, yaxud sellüloz da ola bilər. Poliester kartricləri öncədən yuyub, təkrar istifadə etmək olar. Dəyişilmə müddəti suyun keyfiyyəti və filterin ölçüsündən, həmçinin su istehlakından asılıdır ki, bu da adətən 1-3 aydan bir olur.

Torlu mexaniki su filterləri

Torlu mexaniki su filterlərini “yuyan” və ya “özüyuyan” adlandırırlar. Onlar daxilə quraşdırılmış birbaşa, yaxud geri su axını hesabına toru təmizləmə sisteminə malikdir. Torun saxladığı çirkab drenajla yuyulur.
Torlu filterlər kobud təmizləmə aparır. Tor yuvalarının ölçüləri 20-dən 500 mkm-ə qədər ola bilər. Ən yayılmış torların 100 mikron filterləmə qabiliyyəti var.

Torlu filterlərin 2 yuyulma sistemi var:

düz (birbaşa) – az effektiv olsa da, belə filterlər xeyli ucuzdur.
əks (geri) – toru çirkabdan daha yaxşı təmizləsə də, belə filterlərin qiyməti xeyli yüksəkdir.
Əgər hətta tor tutulub və taxma yuyucu sistem toplanmış çirkabın öhdəsindən gəlmirsə belə, onu çıxararaq fırça ilə təmizləmək, yaxud turşu məhlulunda islatmaq olar.
Suda gil varsa, torlu filterlərin quraşdırılması məsləhət deyil. Gil toru çox tez sıradan çıxarır.

Kisəli mexaniki su filterləri

Kisəli mexaniki su filterləri kartriclilərə çox bənzəyir. Quruluşdakı fərq bundadır ki, korpusun içində üzərinə filterləyici element taxılan karkas var. Kisələr də polipropilen, yaxud da poliesterdən hazırlanır.
Konkret kisə modelindən asılı olaraq, filtrasiya incəliyi 1-100 mkm arasında dəyişir.
Kisəli filterlərin üstünlüyü onların yüksək çirktutumlu olmasındadır. Belə filterlər tərkibində az gil olan su təmizliyi üçün quraşdırılır. Kartriclərdən fərqli olaraq, kisələri təkrar istifadə etmək olar. Qulluq vaxtı bütün toplanmış çirkabı kisədən götürmək, onu yumaq və karkası təmizləmək lazımdır.

Diskli mexaniki su filterləri
Diskli mexaniki su filterləri də torlular kimi suyun kobud mexaniki təmizlənməsi üçün nəzərdə tutulub.
Filterləyici element polimer materialdan olan disk komplektidir.
Disklərin səthində müəyyən forma və ölçüdə dəliklər yerləşir. İşlək vəziyyətdə disklər bir-birinə möhkəm sıxılır. Dəliklərin üst-üstə düşməsi nəticəsində qalıq hissəcikləri saxlayan mürəkkəb struktur yaranır. Yuma zamanı disklər aralanır. Toplanmış çirkab asanlıqla yuyulur. Bu filterlərin nominal filterləmə qabiliyyəti seçilmiş modeldən asılı olaraq 100-130 mkm təşkil edir.

Filterləyici element nə vaxt dəyişilir və ya təmizlənir?

Təzyiqin düşməsi bütün mexaniki su filterləri üçün filterləyici elementin dəyişilməsi, yaxud təmizlənmə labüdlüyünə siqnaldır. Filterləyici modul çirkabla tıxanır və az su buraxmağa başlayır. Suyun pis gəlməsini, ya da təzyiqin düşdüyünü hiss etdinizsə, bilin ki, filteri dəyişməyin vaxtı gəlib.